Məktəbəqədər təhsil uşağın həyatında ilk sistemli təhsil mərhələsi hesab olunur. Bu mərhələdə qoyulan təməl onun gələcək akademik və sosial inkişafına birbaşa təsir göstərir. Bəs bu sahədə əsas prioritetlər nə olmalıdır?
Mövzu ilə bağlı məktəbəqədər təhsil eksperti Töfvə Mustafayeva “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, ilk növbədə uşağın hərtərəfli inkişafı prioritet sayılmalıdır: “Məktəbəqədər təhsil yalnız oxu-yazıya hazırlıq demək deyil. Əsas məqsəd uşağın sosial, emosional, fiziki və idrak bacarıqlarını balanslı şəkildə inkişaf etdirməkdir.”
Onun sözlərinə görə, oyun əsaslı təlim modeli xüsusi əhəmiyyət daşıyır: “Bu yaş dövründə uşaqlar öyrənməni oyun vasitəsilə daha effektiv mənimsəyirlər. Məcburi akademik yüklənmə əks təsir göstərə bilər.”
Ekspert həmçinin vurğulayıb ki, təhlükəsiz və psixoloji cəhətdən sağlam mühit əsas şərtlərdəndir: “Uşaq özünü güvəndə hiss etməlidir. Sevgi, diqqət və fərdi yanaşma inkişafın əsas təməlidir.”
Digər prioritet kimi müəllim hazırlığı göstərilib: “Peşəkar və müasir metodlara bələd olan tərbiyəçilər məktəbəqədər təhsilin keyfiyyətini birbaşa müəyyənləşdirir.”
Sonda ekspert əlavə edib ki, valideyn-müəllim əməkdaşlığı gücləndirilməlidir: “Uşağın inkişafı yalnız bağçada deyil, ev mühitində də davam edir. Bu iki istiqamət paralel işləməlidir.”

