Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş tədbirlər çərçivəsində “Abşeron yarımadasında mühəndis-geoloji şəraitin seysmikliyə təsiri (Nərimanov rayonu timsalında)” mövzusunda elmi seminar keçirilib.
BDU-dan “Tehsil365"ə bildirilib ki, seminarda mühəndis-geoloji və seysmik tədqiqatların aktuallığının xüsusilə şəhərsalma proseslərinin sürətləndiyi ərazilərdə daha da artdığı vurğulanıb.
Seysmologiya və Yer təkinin fizikası kafedrasının qiyabi doktorantı İlhamə Cəlilova mövzu ilə bağlı məruzə edib. Məruzəçinin sözlərinə görə, Abşeron yarımadasında yayılmış qumlu-gilli çöküntülər, süxurların fiziki-mexaniki xüsusiyyətləri, sıxlıq və məsaməlilik göstəriciləri, həmçinin qrunt sularının səviyyə dəyişmələri zəlzələ dalğalarının yayılma xüsusiyyətlərinə və intensivliyinə birbaşa təsir göstərir. Zəif möhkəmlənmiş süxurların üstünlük təşkil etdiyi sahələrdə seysmik dalğaların amplitudasının artması tikililər üçün əlavə risk faktorları yaradır. Qeyd edilib ki, kompleks geoloji və geofiziki tədqiqatlar seysmik təhlükələrin azaldılması və əhalinin təhlükəsizliyinin təmin olunması baxımından mühüm rol oynayır.

