Müasir dövrdə informasiya bolluğu fonunda dezinformasiyanı həqiqi xəbərlərdən ayırmaq getdikcə çətinləşir. Mütəxəssislər hesab edir ki, media savadlılığının artırılması bu sahədə əsas rol oynayır.
Əziz Əzizbəyli “Tehsil365”ə açıqlamasında bildirib ki, dezinformasiyanı müəyyən etmək üçün bir neçə əsas məqama diqqət yetirmək lazımdır:
“Dezinformasiyanı adi informasiyadan ayırmaq üçün ilk növbədə mənbəyə diqqət yetirilməlidir. İnformasiyanın necə təqdim olunması, sitatların dırnaq içində verilməsi, başlıqların qışqıran və diqqət çəkən formada yazılması bu baxımdan şübhə yaradan məqamlar hesab olunur. Eyni zamanda alternativ yoxlama imkanının olmaması və faktların açıq şəkildə təqdim edilməməsi də dezinformasiyanın göstəricisi ola bilər.”
Politoloqun sözlərinə görə, medianın cəmiyyətə təsiri kifayət qədər güclüdür və ictimai rəyin formalaşmasında mühüm rol oynayır:
“Media ictimai rəyə təsir edir, cəmiyyətin idarə olunmasında mühüm vasitə kimi çıxış edir. Bu baxımdan informasiyanın düzgün təqdim olunması və yoxlanılması xüsusi əhəmiyyət daşıyır. Media vasitəsilə aparılan təbliğat və təşviqat da insanların düşüncəsinə birbaşa təsir göstərir.”

