Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Həkimə Billuri zəngin yaradıcılığı və elmi fəaliyyəti ilə milli ədəbi mühitdə xüsusi yer tutmuşdur.
“Tehsil365” xəbər verir ki, 3 mart 1926-cı ildə Zəncanda anadan olan Həkimə Billuri poeziya sahəsində özünəməxsus üslubu ilə tanınmış, lirika və vətənpərvərlik ruhlu əsərləri ilə oxucuların rəğbətini qazanmışdır. O, eyni zamanda ədəbiyyatşünas kimi də məhsuldar fəaliyyət göstərmiş, 1963-cü ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Şair uzun illər Azərbaycan EA-nın Yaxın və Orta Şərq Xalqları İnstitutunda baş elmi işçi vəzifəsində çalışaraq elmi araşdırmalar aparmış, ədəbiyyat və mədəniyyət sahəsində mühüm töhfələr vermişdir.
Onun ədəbi və mədəni xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Həkimə Billuri 1984-cü ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi”, 1998-ci ildə isə “Azərbaycan Respublikasının xalq şairi” fəxri adlarına layiq görülmüşdür.
Görkəmli şair 22 noyabr 2000-ci ildə Bakıda vəfat etmişdir. Onun zəngin irsi Azərbaycan ədəbiyyatının dəyərli səhifələrindən biri kimi bu gün də yaşayır və öyrənilir.

