Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) zəngin yaradıcılığı ilə milli nəsr və kino sənətində özünəməxsus yer tutmuşdur.
“Tehsil365” xəbər verir ki, 3 mart 1937-ci ildə Vedidə anadan olan yazıçı ədəbi fəaliyyətə gənc yaşlarından başlamışdır. Onun əsərləri əsasən tarixi mövzulara və milli-mənəvi dəyərlərə həsr olunmuş, geniş oxucu auditoriyası tərəfindən maraqla qarşılanmışdır. Fərman Kərimzadənin dili və üslubu canlı təsvirləri, obrazların psixoloji dərinliyi ilə seçilmişdir.
1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan ədib eyni zamanda kinoredaktor kimi fəaliyyət göstərmiş, bir çox filmlərin ssenari müəllifi kimi Azərbaycan kinosuna töhfələr vermişdir. Onun yaradıcılığı ədəbiyyat və kino arasında uğurlu körpü rolunu oynamışdır.
Fərman Kərimzadə 17 mart 1989-cu ildə Bakıda vəfat etmişdir. O, Azərbaycan ədəbiyyatı və mədəniyyətində yaratdığı dəyərli irslə yadda qalmış sənətkarlardandır.

