Müasir həyat tərzi – stress, yuxusuzluq və hərəkətsizlik – sinir sisteminə mənfi təsir göstərən əsas amillər sırasındadır. Mütəxəssislər bildirir ki, sinir sağlamlığını qorumaq üçün düzgün vərdişləri gündəlik həyatın bir hissəsinə çevirmək vacibdir.
Amerika Hərək Pozuntuları Cəmiyyətinin üzvü,Avropa Nevrologiya Cəmiyyətinin üzvü Nevroloq Röyanə Quluzadə “Tehsil365”ə açıqlamasında bildirib ki, keyfiyyətli yuxu sinir sisteminin bərpası üçün vacibdir. Onun sözlərinə görə, yuxu zamanı beyin gün ərzində toplanmış zərərli maddələrdən təmizlənir və xroniki yuxusuzluq yaddaşın zəifləməsinə səbəb ola bilər. Gündə 7–8 saat keyfiyyətli yuxu tövsiyə olunur.
Nevroloq Röyanə Quluzadə bildirir ki, sinir sisteminin sağlam qalması üçün gündəlik vərdişlər böyük rol oynayır. Onun sözlərinə görə, maraqlı faktdır ki, beyin bədən çəkimizin cəmi 2 faizini təşkil etsə də, istifadə etdiyimiz enerjinin təxminən 20 faizini sərf edir. Buna görə də yuxusuzluq, stress və qeyri-sağlam qidalanma ilk növbədə məhz beyinə təsir edir.
Nevroloq qeyd edir ki, yuxu sadəcə istirahət deyil, həm də beynin özünü bərpa etdiyi vaxtdır. Yuxu zamanı beyin gün ərzində yığılan zərərli maddələrdən təmizlənir. Uzun müddət yuxusuz qalmaq isə diqqətin azalmasına, yaddaşın zəifləməsinə və ümumi yorğunluğa səbəb ola bilər.
Mütəxəssisin sözlərinə görə, hərəkət etmək də beyin üçün çox faydalıdır. Gəzinti, idman və ya digər fiziki fəaliyyətlər beyində qan dövranını yaxşılaşdırır və yaddaşı gücləndirməyə kömək edir. Hətta sadə gəzinti belə sinir sisteminə müsbət təsir göstərə bilər.
Röyanə Quluzadə bildirir ki, stress də sinir sisteminə ciddi təsir edən amillərdəndir. Uzun müddət davam edən stress yaddaşı zəiflədə və insanın özünü gərgin hiss etməsinə səbəb ola bilər. Bu səbəbdən istirahət etmək, açıq havada vaxt keçirmək və sevdiyimiz işlərlə məşğul olmaq faydalıdır.
Nevroloq onu da vurğulayır ki, beyni aktiv saxlamaq vacibdir. Kitab oxumaq, yeni şeylər öyrənmək və ya xarici dillərlə məşğul olmaq beyin fəaliyyətini gücləndirir və onu daha uzun müddət sağlam saxlayır.
Mütəxəssis sonda qeyd edir ki, sinir sisteminin sağlamlığı gündəlik həyat tərzindən asılıdır. Düzgün yuxu, hərəkət, sağlam qidalanma və stressin azaldılması sağlam beyin və keyfiyyətli həyat üçün əsas şərtlərdir.

