Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) fotoqrafiya və vizual hekayə sahəsinə maraq göstərən gənclər üçün “Kompozisiyanın əsasları” adlı təlim proqramını elan edib.
AKİ-dən “Tehsil365"ə bildirilib ki, bu proqramın məqsədi vizual düşüncəni inkişaf etdirmək, iştirakçıların estetik baxışını formalaşdırmaq və onların texniki biliklərini yaradıcı ifadə imkanlarına çevirməsinə dəstək olmaqdır. Təlim həm fotoqrafiyaya yeni başlayan, həm də öz bacarıqlarını daha da təkmilləşdirmək istəyən gənclər üçün nəzərdə tutulub.
Təlimlər 2 ay ərzində, həftədə 2 dəfə olmaqla həyata keçiriləcək. İştirak etmək istəyənlər tələb olunan materialları martın 31-dək 1 PDF faylında (fayl müraciətçinin adı və soyadı ilə adlandırılmalıdır) [email protected] elektron ünvanına “Kompozisiyanın əsasları” başlığı ilə göndərməlidirlər.
Seçilmiş iştirakçılar iki ay ərzində intensiv təlim proqramında iştirak edərək həm nəzəri, həm də praktik biliklər əldə edəcəklər.
Qeyd edək ki, təlimdə iştirak pulsuzdur.

