Martın 3-də “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsi başlayıb.
“Tehsil365" xəbər verir ki, final mərhələsinin açılışı mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Sabahın alimləri” layihəsinin elm, yaradıcılıq, innovasiyalarla bağlı olduğunu vurğulayıb. Nazir müavini dünya səviyyəli layihənin 1950-ci ildən ABŞ tərəfindən həyata keçirildiyini diqqətə çatdırıb. Firudin Qurbanov insan kapitalının formalaşmasında formal və informal təhsilin rollarından danışıb, müasir texnologiyaların təhsildə tətbiqindən söz açıb.
Təhsil İnstitutunun direktor müavini, layihə direktoru Fuad Qarayev müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabat təqdim edib. Fuad Qarayev 9 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələr barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, müsabiqə üzrə qeydiyyatdan keçən 760 layihədən 152-si sərgidə iştirak hüququ qazanıb. Bu layihələrdən 25-i fərdi, 127-si isə kollektivdir.
Qeyd edək ki, “Sabahın alimləri” müsabiqəsi ölkəmizdə “Society for Science” təşkilatı tərəfindən təşkil olunur və Regeneron International Science and Engineering Fair (ISEF) çərçivəsində keçilir.
Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər.
Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.

