Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının təşkilatçılığı ilə “Memarlıq və şəhər sosiologiyası” mövzusunda tədbir keçirilib.
Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib.
Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev çıxışında vurğulayıb ki, Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlığı, milli şəhərsalma forumları və mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ölkəmizin qeyd olunan sahədə artan rolunu və beynəlxalq əməkdaşlığının uğurunu nümayiş etdirir.
Kafedra müdiri diqqətə çatdırıb ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək WUF13 şəhərsalma ilə bağlı aktual məsələləri müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, alimləri, biznesmenləri, icma rəhbərlərini və digər maraqlı tərəfləri bir araya gətirən qlobal platformadır.
2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin təsadüfi olmadığını deyən Üzeyir Şəfiyev Azərbaycan Prezidentinin bu istiqamətdə çıxışlarının şəhər sosiologiyası baxımından mühüm məna kəsb etdiyini vurğulayıb: “Hazırda respublikamızda paytaxtdan başlayaraq ölkənin bütün bölgələrinə qədər genişmiqyaslı şəhərsalma layihələri həyata keçirilir. “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın əsas xüsusiyyətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir. Bu modelə əsasən, bütün fəaliyyətlərin bir mərkəzdə cəmlənməsi əvəzinə, Bakı şəhəri boyunca bir-biri ilə əlaqəli mərkəzlər və altmərkəzlər şəbəkəsi formalaşdırılır”.
Sonra Üzeyir Şəfiyev Qərb tədqiqatçılarının şəhər sosiologiyası istiqamətindəki tədqiqatlarına istinad edərək, sosial sahə mütəxəssislərinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirə biləcəkləri layihələrlə bağlı təkliflərini səsləndirib.

