Bakı Dövlət Universitetinin (BDU) “BDU 1” komandası “Sumqayıt Cup” respublika üzrə proqramlaşdırma müsabiqəsində III yeri tutub. Komandanın rəhbəri BDU rektorunun katibliyinin mütəxəssisi İsmayıl Zeynalov, üzvləri Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs tələbələri Mehdi Məmmədov, Elşən Məhərrəmov və I kurs tələbəsi Kamil Hüseynovdur.
BDU-dan “Tehsil365"ə bildirilib ki, müsabiqə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Təhsil İnstitutu, Sumqayıt İnnovasiya Mərkəzi, Sumqayıt Dövlət Universiteti və Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Sumqayıtda keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd iştirakçılar arasında proqramlaşdırma və alqoritmik düşüncə bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət mühiti yaratmaq və innovasiyayönümlü istedadları üzə çıxarmaq olub. Müsabiqə İKT sahəsinə marağı artırmaqla yanaşı, təhsil müəssisələri və müvafiq qurumlar arasında əməkdaşlıq imkanlarının genişlənməsinə də töhfə verib.

