Martın 2-də Azərbaycan Dillər Universitetində “Beynəlxalq Münasibətlər kafedrası”nın təşkilatçılığı ilə “Qlobal çağırışlar fonunda ərzaq təhlükəsizliyi problemi” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə "Tehsil365"ə ADU-dan məlumat verilib. Bildirilib ki, tədbirin moderatoru “Beynəlxalq Münasibətlər kafedrası”nın rəhbəri, siyasi elmlər doktoru, professor Aida Yusifova ərzaq təhlükəsizliyinə təsir edən faktorlar barədə ətraflı məlumat verib.
Tədbirin qonağı “Qida Təhlükəsizliyi Hərəkatı”nın rəhbəri Məhsəti Hüseynova qidaların keyfiyyəti və qida vərdişləri barədə fikir mübadiləsi aparıb. “Dünya tarixində baş vermiş ərzaq böhranları” mövzusunda məruzə ilə çıxış edən magistr Gülşən Hüseynova böhranların baş vermə səbəblərini və nəticələrini təhlil edib.
Beynəlxalq Münasibətlər kafedrasının doktorantı Aynur Məmmədova “Beynəlxalq münasibətlər sistemində və milli təhlükəsizlik kontekstində ərzaq təhlükəsizliyi məsələsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi beynəlxalq münasibətlər sistemində ərzaq təhlükəsizliyinin yeri və rolu, hazırkı dövrdə böyük dövlətlərin ərzaq siyasəti və strategiyaları barədə məlumat verib. O, həmçinin ərzaq təhlükəsizliyi təminatı ilə bağlı regional fərqlilikləri təhlil edib və qlobal səviyyədə ərzaq təhlükəsizliyi təminatının yaxşılaşdırılması üçün ilk növbədə milli və regional fərqlərin nəzərə alınmasının vacibliyindən danışıb.
Aynur Məmmədova Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin hüquqi və institusional çərçivəsini şərh edib, mövcud problemlərdən bəhs edib. Eyni zamanda, ölkədə süni intellekt əsaslı ərzaq təhlükəsizliyinin təminatı sisteminə keçid üçün mövcud real zəminləri vurğulayıb və əsaslandırıb.
Məruzəçi, həmçinin Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2030 gündəliyinə daxil edilmiş “ərzaq israfçılığı”nın qarşısının alınması ilə bağlı dövlət və fərdi səviyyədə effektiv həll yollarını təklif edib. Ərzaq təhlükəsizliyi davamlılığının sülh və sabitliyin nüvəsini təşkil etdiyini empirik nümunələrlə əsaslandırıb.
Tədbir müddətində mövzu ətrafında müzakirələr aparılıb. Dəyirmi masa Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəylinin çıxışı ilə yekunlaşıb.

