Onun sözlərinə görə, hazırda bəzi bölgələrdə, xüsusilə şimal rayonlarında müstəqil ali təhsil müəssisələrinin olmaması ciddi çatışmazlıqdır.
Təhsil eksperti Ramin Nurəliyev “Təhsil365”ə verdiyi açıqlamada Azərbaycanın ali təhsil sistemində bölgələr üzrə balansın təmin edilməsinin vacibliyini önə çəkib.
Nurəliyev qeyd edib ki, Quba bölgəsində yalnız Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı fəaliyyət göstərir. Lakin Xaçmaz, Quba və digər şimal rayonlarında müstəqil universitetlərin yaradılması həm bölgənin inkişafına, həm də gənclərin təhsil imkanlarının genişlənməsinə xidmət edərdi. O, bu addımın tələbələrin paytaxta üz tutmasının qarşısını alacağını, Bakı şəhərindəki sıxlığa və tıxaclara da müsbət təsir göstərəcəyini vurğulayıb.
Ekspert beynəlxalq təcrübəyə istinad edərək bildirib ki, ölkə əhalisinin 3–4 faizi tələbə olmalıdır. Azərbaycanda bu göstərici hazırda 2.2 faizdir ki, bu da aşağı hesab olunur. Bu səbəbdən hər il ali və peşə təhsil müəssisələrində plan yerlərinin artırılması müşahidə olunur. Son qəbul ilində təxminən 5 min əlavə plan yeri ayrılıb və bu prosesin davam edəcəyi gözlənilir.
Ramin Nurəliyev hesab edir ki, ali təhsil müəssisələrinin yalnız şimal bölgəsində deyil, mərkəzi Aran və şimal-qərb bölgələrində, o cümlədən Şəkidə yaradılması çox faydalı olardı. Bu, həmin bölgələrdə yaşayan gənclərin öz rayonlarında təhsil almaq imkanını artırar, eyni zamanda regional inkişaf üçün mühüm töhfə verərdi.
Ekspert əlavə edib ki, peşə təhsili istiqamətində lazımi addımlar atılır, bir çox rayonlarda kolleclər fəaliyyət göstərir. Lakin ali təhsil müəssisələrinin bölgələrdə genişlənməsi gənclərin gələcək karyera imkanlarını daha da gücləndirər.

