Onun sözlərinə görə, “rahatlıq baxımından yanaşsaq, süni intellekt gündəlik həyatımızda vaxt itkisini minimuma endirən və intellektual yükü azaldan əvəzsiz bir köməkçidir. O, tibbdə xərçəng hüceyrələrini erkən mərhələdə müəyyən edir, elmdə yeni dərman molekullarını kəşf edir və rutin işləri saniyələr içində həll edərək insana daha yaradıcı sahələrlə məşğul olmaq imkanı verir.”
Kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasov “Təhsil365”ə verdiyi açıqlamada süni intellekt sistemlərinin sürətli inkişafının bəşəriyyət üçün geniş imkanlar yaratmaqla yanaşı, ciddi risklər də daşıdığını bildirib.
Ekspert qeyd edib ki, bu texnologiya təhsildən tutmuş xidmət sektoruna qədər bir çox sahədə fərdiləşdirilmiş imkanlar yaradır, həyat keyfiyyətini artırır və insan potensialını texniki baxımdan daha yüksək səviyyəyə daşıyır. Lakin Abbasov süni intellektin üstünlükləri ilə yanaşı, onun cəmiyyətin sabitliyini təhdid edən risklərə də diqqət çəkib: “Avtomatlaşdırma nəticəsində bir çox peşənin sıradan çıxması kütləvi işsizlik və sosial bərabərsizlik ehtimalını artırır. ‘Deepfake’ və süni intellektlə yaradılan manipulyativ məzmunlar isə informasiya mühitində dezinformasiya yayaraq ictimai rəyi asanlıqla bulandırır.”
Onun sözlərinə görə, alqoritmlərin qərəzliliyi, şəxsi məlumatların daimi izlənilməsi və nəzarətsiz məlumat emalı süni intellekti düzgün tənzimlənmədikdə təhlükəli bir vasitəyə çevirə bilər. Abbasov vurğulayıb ki, “süni intellekt özlüyündə neytral bir texnoloji alətdir və onun təhlükəyə, yoxsa rahatlığa çevrilməsi tamamilə insan nəzarətindən, hüquqi tənzimləmələrdən və rəqəmsal mədəniyyətdən asılıdır.”
Ekspert əlavə edib ki, “Kağızsız hökumət” və digər rəqəmsal transformasiya proseslərində görüldüyü kimi, texnologiya yalnız güclü təhlükəsizlik protokolları və şüurlu istifadə ilə birləşdikdə cəmiyyət üçün əsl tərəqqi mənbəyinə çevrilir. Əks halda, texnoloji asılılıq və nəzarətsiz qalan sistemlər sosial xaos yarada və fərdi azadlıqları məhdudlaşdıra bilər.
Elvin Abbasovun fikrincə, süni intellektin cəmiyyət üçün faydalı və təhlükəsiz olması üçün dövlətlərin hüquqi çərçivələri gücləndirməsi, şirkətlərin etik prinsiplərə əməl etməsi və fərdlərin rəqəmsal mədəniyyət səviyyəsini artırması vacibdir. O hesab edir ki, yalnız bu halda süni intellekt bəşəriyyətin inkişafına real töhfə verə bilər.

