Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və "ASAN Könüllüləri" təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Qəhrəmanların izi ilə” layihəsi yekunlaşıb.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, Gənclər Fondunun mətbuat xidmətindən verilən məlumata görə, layihənin birinci günü iştirakçılar Bakı şəhərində yerləşən Qənimətlər Parkını, Zəfər Parkını, Azərbaycan Hərb Tarixi Muzeyini və İstiqlal Muzeyini ziyarət ediblər.
Ekskursiya zamanı gənclərə Vətən müharibəsində əldə olunmuş Qələbənin tarixi əhəmiyyəti, nümayiş etdirilən hərbi texnika və silah nümunələri barədə geniş məlumat verilib. Muzeylərdə sərgilənən arxiv materialları, sənədlər və eksponatlar vasitəsilə iştirakçılar Azərbaycanın müstəqillik və hərb tarixinin mühüm mərhələləri ilə yaxından tanış olublar. Ekskursiya zamanı gənclərlə müzakirələr aparılıb, onların sualları cavablandırılıb və bir sıra tarixi faktlar barəsində geniş izahlar verilib.
Layihənin ikinci günü isə ehtiyatda olan hərbi qulluqçular - gizir Sərxan Abbasov və Hərbi Dəniz Qüvvələrinin baş leytenantı Alik Yusifov ilə görüş keçirilib.
Görüş zamanı onlar hərbi xidmət yolları, iştirak etdikləri əməliyyatlar, qarşılaşdıqları çətinliklər və qazandıqları təcrübə barədə ətraflı məlumat verib, Vətənə sədaqət, komanda ruhu, intizam və mənəvi hazırlığın əhəmiyyətindən bəhs edərək gənclərə tövsiyələrini çatdırıblar.
Tədbir interaktiv formatda davam edib, könüllülər hərbçilərə suallar ünvanlayaraq real döyüş təcrübələri haqqında birbaşa məlumat əldə etmək imkanı qazanıblar.
Layihənin əsas məqsədi gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına dəstək vermək, onların tariximizə, milli-mənəvi dəyərlərə və hərbi irsə bağlılığını möhkəmləndirməkdən ibarətdir.

