Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Magistrant” dövri-elmi jurnalının 30-cu nömrəsi nəşr edilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, ADPU-dan bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə universitetin rektoru professor Cəfər Cəfərov ADPU-da elmi-tədqiqat fəaliyyətinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Rektor ali təhsil müəssisəsində elmi potensialın gücləndirilməsi, magistrantların və gənc alimlərin tədqiqatlara cəlb olunması, onların elmi nəticələrinin nəşri və geniş elmi ictimaiyyətə çatdırılmasının əhəmiyyətindən danışıb.
C.Cəfərov qeyd edib ki, elmi nəşrlər universitetin akademik nüfuzunun formalaşmasında, elmi məktəblərin inkişafında və beynəlxalq əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Rektor “Magistrant” jurnalının bu istiqamətdə mühüm platformaya çevrildiyini bildirərək, jurnalın 30-cu nömrəsinin işıq üzü görməsini əlamətdar hadisə kimi dəyərləndirib.
Sonra ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, “Magistrant” dövri-elmi jurnalının baş redaktoru professor Asəf Zamanov jurnalın yaranma tarixi və inkişaf mərhələləri barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, beynəlxalq standart seriya nömrəsinə malik nəşrdə təkcə ADPU-nun magistrantları deyil, ölkənin müxtəlif ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, eləcə də xarici ölkə universitet və elmi qurumlarının magistrantlarının məqalələri dərc edilir. Statistik təhlillər göstərir ki, məqalələrin əhəmiyyətli hissəsi ADPU-nun payına düşsə də, digər universitetlərin, o cümlədən respublikanın aparıcı ali təhsil müəssisələrinin, habelə Türkiyə, Ukrayna və Qazaxıstan kimi ölkələrin universitetlərinin magistrantları da jurnalda fəal təmsil olunurlar. Jurnalda Azərbaycan, türk, rus və ingilis dillərində məqalələr dərc edilir və bu çoxdilli format onun beynəlxalq elmi ictimaiyyətə inteqrasiyasını gücləndirir.
Tədbirdə digər çıxış edənlər “Magistrant” jurnalının gənc tədqiqatçıların elmi yaradıcılığının stimullaşdırılmasında, onların ilk elmi addımlarının dəstəklənməsində və elmi nəticələrinin ictimailəşdirilməsində mühüm rol oynadığını söyləyiblər.
Daha sonra jurnalın inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları və elmi keyfiyyət standartlarının təkmilləşdirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

