Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin təşkilatçılığı ilə 27 Mart – Azərbaycanda Elm Gününə həsr olunmuş “Müasir linqvistik paradiqmalar” mövzusunda elmi seminar keçirilib.
BDU-dan “Tehsil365"ə bildirilib ki, seminarda Azərbaycan Dillər Universitetinin Ümumi dilçilik kafedrasının müdiri filologiya elmləri doktoru Azad Məmmədov məruzə ilə çıxış edib. Məruzəçi müasir linqvistik paradiqmalar kontekstində sosiolinqvistikanın roluna toxunub. Qeyd edib ki, dil və cəmiyyət arasındakı münasibətlərin öyrənilməsi dilin yalnız struktur deyil, eyni zamanda funksional və sosial tərəflərinin araşdırılmasını zəruri edir. İnsanların dildən istifadə məqsədləri, ünsiyyət strategiyaları və dil bacarıqları sosial təsir mexanizmlərinin formalaşmasında mühüm rol oynayır.
Məruzədə dilin cəmiyyət daxilində təsir və yönləndirmə vasitəsi kimi çıxış etməsi, eləcə də dil vasitəsilə manipulyasiya imkanları məsələləri diqqətə çatdırılıb. Bildirilib ki, sosiolinqvistika çərçivəsində bu proseslərin funksionalizm yanaşması əsasında tədqiqi daha dolğun nəticələr əldə etməyə imkan verir. Hazırda sosiolinqvistik tədqiqatlarda funksional yanaşmaya kifayət qədər yer verilməməsi bu sahədə yeni elmi istiqamətlərin formalaşdırılmasını zəruri edir. Bu baxımdan formalizm və funksionalizm paradiqmalarının müqayisəli şəkildə araşdırılmasının əhəmiyyəti vurğulanıb.

