ABŞ-li molekulyar bioloqlar beyin toxumasında mövcud olan makrofaq immun hüceyrələrini xüsusi üsulla "yenidən proqramlaşdırmağa" imkan verən yeni yanaşma hazırlayıblar.
“Tehsil365“ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Veyk Forest Universitetinin Tibb Məktəbinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sözügedən metod hüceyrələri ağciyər metastazlarını və digər şişləri məhv etmək üçün aktivləşdirməyə imkan verir.
"Beyin metastazlarını məhv etmək olduqca çətindir. Lakin makrofaq hüceyrələri mərkəzi sinir sistemini qan dövranından ayıran baryeri asanlıqla keçə bilir. Bu isə bizi beyindəki şiş hüceyrələrini tanıyıb məhv etmək üçün onların strukturunu dəyişməyin mümkün olub-olmadığını araşdırmağa vadar etdi", - deyə Veyk Forest Universitetinin dosenti Vu Şiyinq bildirib.
Vu Şiyinq və həmkarlarının hazırladığı bu immunoterapiya üsulu CAR-T xərçəng immunoterapiyasında istifadə edilən prinsiplərə əsaslanır. Həmin metodda həkimlər xəstənin orqanizmindən T-hüceyrələri götürür, onların membranına xərçəng hüceyrələrini tanıyan spesifik reseptorlar əlavə etməklə hüceyrələri "yenidən proqramlaşdırır" və daha sonra yenidən xəstənin orqanizminə yeridirlər.
Amerikalı alimlər müəyyən ediblər ki, oxşar üsulla makrofaqların membranına da spesifik reseptorlar yerləşdirmək mümkündür. Bu reseptorlar səthində yüksək miqdarda mezotelin zülal molekulları olan ağciyər xərçəngi hüceyrələrini tanımağa imkan verir.

