Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Milli Məclisdə 2025-ci il üzrə məruzəsində həftəlik və günlük iş normalarına yenidən baxılması ilə bağlı təklif irəli sürülüb.
“Tehsil365” xəbər verir ki, təklifdə xarici ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, işçilərin fiziki və psixoloji sağlamlığının təmin edilməsi, ailə və sosial həyat tarazlığının qorunması (ailə münasibətlərinə, uşaqların tərbiyəsinə, ictimai fəaliyyətə daha çox zaman ayrılmasına şərait yaradılması), habelə əmək məhsuldarlığının yüksəldilməsi məqsədilə həftəlik və günlük iş normalarına yenidən baxılması yer alıb.
Həmçinin, işçilərin əmək və istirahət hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 116-cı maddəsinə müvafiq dəyişikliklər edilməklə, işçiyə əmək stajı on beş ildən iyirmi ilədək olduqda 6 təqvim günü, iyirmi ildən çox olduqda isə 8 təqvim günü müddətində əlavə məzuniyyətin verilməsi barədə müddəaların əlavə edilməsi təklif edilib.
Səsləndirilən digər təklif isə Əmək Məcəlləsinə "İş yerində psixoloji təzyiq (mobbinq)" adlı yeni maddənin əlavə edilməsi ilə bağlıdır. Bununla bağlı hüquq münasibətlərinin həmin maddədə ümumiləşdirilməsi və Əmək Məcəlləsinin 69-cu maddəsinə (Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası) işçinin iş yerində təkrar psixoloji zorakılığa (mobbinq) məruz qalması hallarında əmək müqaviləsinin işçi tərəfindən birtərəfli qaydada ləğv edilə bilməsi ilə əlaqədar dəyişiklik edilməsi təklif edilib.

