Kiberdələduzların ən çox istifadə etdiyi üsullar açıqlandı.
Müasir dövrdə kibercinayətkarlıq halları sürətlə artmaqdadır. Kibertəhlükəsizlik eksperti Elvin Abbasov “Tehsil365”ə açıqlamasında bildirib ki, dələduzlar artıq texniki boşluqlardan daha çox insan faktoruna yönəlir və sosial mühəndislik üsulları ilə vətəndaşları hədəfə alırlar.
Elvin Abbasovun sözlərinə görə, ən geniş yayılmış metod fişinq (phishing) hücumlarıdır:
“Müasir dövrdə kiberdələduzlar texniki boşluqlardan daha çox insan psixologiyasındakı zəif nöqtələri hədəf alan sosial mühəndislik üsullarına üstünlük verirlər. Ən geniş yayılmış metod olan fişinq vasitəsilə cinayətkarlar bankların, dövlət qurumlarının və ya məşhur alış-veriş saytlarının saxta nüsxələrini yaradaraq vətəndaşlara SMS və ya e-poçt vasitəsilə keçidlər göndərirlər. ‘Hədiyyə qazandınız’, ‘Hesabınız bloklanıb’ və ya ‘Təcili ödəniş edilməlidir’ kimi manipulyativ mesajlarla istifadəçini təşvişə salaraq, onun kart məlumatlarını və birdəfəlik şifrələrini (OTP) ələ keçirirlər.”
Ekspert vurğulayıb ki, son dövrlər süni intellekt əsaslı “deepfake” texnologiyası vasitəsilə də yeni fırıldaq üsulları yayılmaqdadır:
“Süni intellekt vasitəsilə səs və görüntünün təqlid edilməsi yolu ilə tanış şəxslərin adından pul tələb edilməsi hallarına rast gəlinir. Bundan əlavə, onlayn satış platformalarında ‘saxta kuryer’ və ‘beh tələbi’ sxemləri geniş yayılıb. Həmçinin zərərli proqram təminatlarının gizli şəkildə cihazlara yüklənilməsi yolu ilə onlayn bankçılıq əməliyyatlarına müdaxilə edilir.”
Elvin Abbasov vətəndaşlara rəsmi olmayan mənbələrdən göndərilən linklərə daxil olmamağı, şəxsi məlumatları paylaşmamağı və mütləq şəkildə ikifaktorlu autentifikasiya (2FA) sistemindən istifadə etməyi tövsiyə edib.

