Martın 4-də Azərbaycanın Milli Qəhrəmanı Elşad Saday oğlu Əhədovun doğum günü tamam olur.
“Tehsil365” xəbər verir ki, 1968-ci il martın 4-də Masallı rayonunun Təzə Alvadı kəndində anadan olan Elşad Əhədov orta təhsilini doğma kəndində almışdır. Gənc yaşlarından vətənə bağlılığı və prinsipiallığı ilə seçilən Elşad Əhədov 1990-cı illərin əvvəllərində torpaqlarımızın müdafiəsi uğrunda başlanan döyüşlərə könüllü olaraq qatılmışdır.
O, Birinci Qarabağ müharibəsi zamanı müxtəlif istiqamətlərdə gedən ağır döyüşlərdə igidlik və şücaət göstərmiş, döyüş yoldaşları arasında cəsarəti ilə seçilmişdir. 11 dekabr 1993-cü ildə Qarabağ bölgəsində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.
Göstərdiyi misilsiz şücaətə görə Elşad Saday oğlu Əhədova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Bu gün qəhrəman şəhidimizin xatirəsi ehtiramla yad edilir, onun vətənpərvərlik nümunəsi gənc nəsil üçün örnək kimi təqdim olunur.

