Martın 4-də Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Vüqar Əhməd oğlu Ağayevin doğum günü qeyd olunur.
“Tehsil365” xəbər verir ki, 1973-cü il martın 4-də Qubadlı rayonunda anadan olan Vüqar Ağayev hərb sənətini həyat yolu kimi seçmiş, uzun illər Azərbaycan Silahlı Qüvvələrinin sıralarında şərəflə xidmət etmişdir. O, xidmət dövründə peşəkarlığı, prinsipiallığı və şəxsi heyət arasında qazandığı nüfuzla seçilmişdir.
Vüqar Ağayev İkinci Qarabağ müharibəsi zamanı ön cəbhədə döyüş tapşırıqlarını yerinə yetirmiş, Qubadlı istiqamətində gedən əməliyyatlarda xüsusi igidlik göstərmişdir. 1 noyabr 2020-ci ildə doğma rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Göstərdiyi şücaətə görə ona ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilmişdir.
Bu gün Vüqar Əhməd oğlu Ağayevin əziz xatirəsi ehtiramla yad olunur, onun Vətənə sədaqəti və qəhrəmanlığı gənc nəsil üçün nümunə kimi göstərilir.

