Azərbaycan Milli Xalça Muzeyində tanınmış rəssam Cəmilə Haşımovanın “Gözəlliyə sevgi ilə” adlı fərdi sərgisinin açılışı keçirilib.
“Tehsil365" xəbər verir ki, layihə müəllifin bədii dünyasını açır. Bu dünyanın mərkəzində insanın daxili halı və rəssamın estetik dünyagörüşünün əsası kimi gözəllik dayanır.
Muzeyin direktoru Əminə Məlikova çıxışında Cəmilə Haşımovanın yaradıcılıq yolundan bəhs edib və onun əsərlərinə hər zaman xüsusi simpatiya ilə yanaşdığını bildirib.
Direktorun sözlərinə görə, rəssamın hər bir əsərində sənətə böyük sevgi və zəhmət hiss olunur. Seçilən mövzular və incə bədii detallar tamaşaçıda dərin təəssürat yaradır. O, belə sərgilərin milli təsviri sənətin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva çıxışında Cəmilə Haşımovanın yaradıcılığına yüksək qiymət verib və rəssamın istedadının əsərlərində aydın şəkildə göründüyünü vurğulayıb.
“Müxtəlif sərgilər zamanı onun Azərbaycanı necə böyük sevgi ilə təqdim etdiyini və Türk dünyasının mədəniyyətini səmimi şəkildə, qəlbən təbliğ etdiyini dəfələrlə müşahidə etmişəm”, – deyə o əlavə edib.
Professor Kübra Əliyeva bildirib ki, Cəmilə Haşımovanın əsərlərinə maraq onların səmimiliyi, dərin mənəviyyatı və tamaşaçını cəlb edən xüsusi nurla bağlıdır. Onun sözlərinə görə, bu əsərlərə hər baxışda yeni detal aşkar etmək və yeni hisslər yaşamaq mümkündür ki, bu da əsl sənətin gücüdür.
Professor vurğulayıb ki, Cəmilə Haşımovanın yaradıcılığı həmişə özünəməxsusluğu ilə seçilib. Yaşından asılı olmayaraq, rəssamın əsərlərində saflıq, zəriflik, gənc enerji və incə duyum qorunur və bu keyfiyyətlər onun işlərində davamlı şəkildə əksini tapır.
Sərginin müəllifi Cəmilə Haşımova iştirak və yaradıcılığına ünvanlanan xoş sözlərə görə təşəkkürünü bildirib. O, sənətsevərlərlə bu axşamı bölüşməkdən məmnun olduğunu deyib və təşkilatçılara, qonaqlara diqqət və dəstəyə görə minnətdarlıq edib.
Daha sonra Cəmilə Haşımovanın müəllifi olduğu şeirlə müşayiət edilən “Gizli qanadlar” adlı animasiya filmi nümayiş olunub.
Ekspozisiyada rəssamın 60-a yaxın rəngkarlıq və qrafika əsəri təqdim edilir. Yaradıcılığın əsas motivlərini müxtəlif emosional vəziyyətlərdə qadın obrazları, çiçəklər, quşlar və təbiət formaları təşkil edir. İşıqlı rəng palitrası, yumşaq ton keçidləri və xətt plastikası sərginin bütöv vizual poetikasını yaradır.
Layihədə “Yol” adlı xalça xüsusi yer tutur. Həmin xalça muzeyin Ənənəvi texnologiyalar şöbəsində Cəmilə Haşımovanın əsəri əsasında toxunub. Kompozisiyada təsvir olunan şəhər, evlər və hərəkətdə olan insan fiquru rəmzi məna daşıyır. Bu əsərdə ənənəvi xalçaçılıq texnikası müasir müəllif baxışı ilə üzvi şəkildə birləşdirilib.
Cəmilə Haşımova Roma, Paris, Sofiya, Brüssel, Berlin və digər Avropa mədəniyyət mərkəzlərində fərdi sərgilərin müəllifidir. Onun əsərləri müxtəlif ölkələrin muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.
Sərgi martın 8-dək davam edəcək.

