"Uşaqlar məktəbə getməkdən qorxduqda onların həm emosional, həm də akademik inkişafı zəifləyir.”
Bu fikirləri “Tehsil365"ə açıqlamasında psixoloq Fəridə Qulamova bildirib.
Psixoloq qeyd edib ki, məktəb fobiyası əsasən stres, sosial qorxu və ya yeni mühitə uyğunlaşma çətinliyi nəticəsində yaranır. Onun sözlərinə görə, bu problem uşağın dərsə davamiyyətinə və ümumi inkişafına mənfi təsir göstərir.
"Uşaqlar sinifdə və ya məktəb mühitində rahat olmadıqda, diqqət və öyrənmə qabiliyyəti azalır. Bu hallarda valideyn və müəllim birgə əməkdaşlıq etməlidir," — deyə psixoloq vurğulayıb.
O əlavə edib ki, valideynlərin anlayışlı və dəstəkləyici davranışı uşağın məktəbə adaptasiyasını asanlaşdırır.
"Məktəb fobiyasının aradan qaldırılması üçün uşağa tədricən və sevgi ilə yanaşmaq, qorxularını dinləmək və onu təşviq etmək lazımdır," — deyə o bildirib.
Fəridə Qulamova həmçinin vurğulayıb ki, müəllimlər interaktiv və dostyana mühit yaratmaqla uşaqların məktəb qorxusunu azalda bilərlər.
"Sinifdə oyunlar, qrup işləri və uşağın uğurlarının müsbət qiymətləndirilməsi onun özünə inamını artırır və məktəbə getməkdən qorxmasını minimuma endirir," — deyə o əlavə edib.

