Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzinin üç əməkdaşı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
ARTİ-dən “Tehsil365"ə bildirilib ki, mərkəzin Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin baş mütəxəssisi Humay Alıkişiyeva Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (Azərbaycan dilinin tədrisi metodikası) ixtisası üzrə institutun doktorantı olub. Daha sonra “Azərbaycan dili təlimi prosesində kommunikativ mədəniyyətin formalaşdırılması” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.
Təhsilin nəzəriyyəsi və tarixi şöbəsinin böyük elmi işçisi Könül Mikayılova Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə doktorantura təhsilini müvəffəqiyyətlə başa vuraraq, “Kiçikyaşlı məktəblilərin təlim nailiyyətlərinin qiymətləndirilməsi üzrə işin sistemi” mövzusunda elmi işini uğurla müdafiə edib.
Təhsil iqtisadiyyatı və idarə olunması şöbəsinin böyük elmi işçisi İlhamə Əsədova Təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə doktorantura təhsili aldıqdan sonra “Özünüaudit ümumtəhsil məktəblərinin idarə olunmasının keyfiyyət göstəricisi kimi” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.
Hər üç əməkdaşın fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülməsi institutun elmi-pedaqoji fəaliyyətinin səmərəliliyini, doktorantura hazırlığı sisteminin akademik səviyyəsini və tədqiqat potensialını əks etdirən mühüm göstəricidir. Əldə olunan bu elmi nailiyyət münasibətilə əməkdaşlarımızı təbrik edir, onlara gələcək elmi-pedaqoji fəaliyyətlərində yeni uğurlar arzulayırıq.

