Ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavloviç Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası baş tutub.
“Tehsil365" APA-ya istinadən xəbər verir ki, tamaşanın premyerasında mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, ədəbiyyat və media mənsubları iştirak ediblər.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsinin l kurs tələbəsi yazıçı-rejissor Samirə Əşrəf, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Səhnə əsərində İncəsənət Universitetinin tələbələri Hüseyn Quluzadə (Qriqori Stepanoviç Smirnov), Türkel Ələsgər (Yelena İvanovna Popova), Nərmin Ağayeva (Anfisa) iştirak edirlər.
Gənc yaşda dul qalan Popovanın yaslı, sakit həyatı qəfildən mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulur. Borcu qaytarmaq üçün Popova və qulluqçu Anfisa çıxış yolu axtarmağa çalışarkən, hadisələrin gedişatı gözlənilməz məcraya yönəlir.

