Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində “Həyat elmlərində süni intellekt qərarverici amil kimi: erkən aşkarlama, hibrid model mexanizmlərinin qurulması” mövzusunda elmi seminar keçirilib. Seminar 27 Mart – Azərbaycanda Elm Gününə həsr edilib.
BDU-dan “Tehsil365"ə bildirilib ki, Hindistanın Assam ştatında fəaliyyət göstərən Assam Qabaqcıl Səhiyyə İnnovasiyaları İnstitutunun layihə rəhbəri Kauşik Daşın məruzəçi olduğu seminarda süni intellektin biotibb və həyat elmlərində tətbiq istiqamətləri, xüsusilə məlumat əsaslı qərarvermə mexanizmləri, klinik qərar dəstəyi sistemləri və tibbi təsvirlərin analizi üzrə metodoloji yanaşmalar təqdim edilib.
Məruzənin əsas istiqaməti erkən diaqnostika məqsədilə hibrid modelləşdirmə mexanizmlərinin qurulması – statistik və maşın-öyrənməsi alqoritmlərinin fizioloji və mexaniki modellərlə inteqrasiyası məsələlərini əhatə edib. Bu çərçivədə aşağı sahəli maqnit-rezonans tomoqrafiyası (Low-Field MRT) texnologiyaları üzrə tədqiqat və inkişaf işləri, siqnalın emalı, görüntünün rekonstruksiyası və modellərin generalizasiya qabiliyyəti kimi parametrlər müzakirə olunub. Bildirilib ki, süni intellekt bioloji proseslərin modelləşdirilməsində və erkən aşkarlama sistemlərinin qurulmasında mühüm rol oynayır.
Tədbir fakültənin müəllimi Nigar Hüseynovanın moderatorluğu ilə müzakirə formatında davam etdirilib.

