Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ) tərəfindən həmkar təqaüdünə (Adlı təqaüd) layiq görülüb..
“Tehsil365" xəbər verir ki, tədbirdə rəsmi çıxışlardan sonra “Adlı təqaüd”ə layiq görülən tələbələrə hədiyyələr təqdim olunub.
Təqaüd qazanan BMU tələbələri Yaqut Həsənli Memarlıq və inşaat, Əhmədnuri Əlizadə İnformasiya və kompüter texnologiyaları, Yusif Hüseynli İqtisadiyyat və idarəetmə, Nihad İsayev, Hüseyn Həsənov, Əmrah Qafarlı, Elgün Sadıqzadə, İlqar Sarıyev isə Mühəndislik fakültələrində təhsil alırlar.
Bu tələbələr yüksək akademik göstəricilərinə və Tələbə Həmkarlar İttifaqı hərəkatında fəallıqlarına görə ölkə üzrə seçilən tələbələr sırasında yer alıblar.
Qeyd edək ki, ETİHİ tərəfindən həyata keçirilən “Adlı təqaüd” layihəsi tələbələrin akademik və ictimai fəaliyyətinin stimullaşdırılmasına yönəlib. Layihə gənclərin sosial rifahının yaxşılaşdırılması, həmkarlar ittifaqı hərəkatında fəallığının təşviqi və onların peşəkar inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır. Bu təşəbbüs, eyni zamanda istedadlı və fəal tələbələrin cəmiyyətə daha hazırlıqlı mütəxəssis kimi qazandırılmasına xidmət edir.

