Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC qarşıdan gələn Novruz bayramı ilə əlaqədar Bakıda "Kənddən Şəhərə" yarmarkası təşkil edəcək.
“Tehsil365“ xəbər verir ki, bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, 7-18 martda 12 gün fasiləsiz davam edəcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir.
Yarmarkada 25 regiondan iştirak edəcək 55 fermer, 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək üçün yarmarkada hər gün Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Yarmarka saat 9:00-dan 19:00-a qədər Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı) ünvanında fəaliyyət göstərəcək.
"Kənddən Şəhərə" yarmarkalarında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

