Son illər repetitor xidmətlərinə müraciət edən şagirdlərin sayında artım müşahidə olunur. Bu tendensiya isə cəmiyyətdə sual yaradır: repetitor asılılığının əsas səbəbi məktəblərdə təhsilin keyfiyyəti, yoxsa mövcud imtahan sistemidir?
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli “Tehsil365”ə açıqlama verib.
Ekspert bildirib ki, repetitorluq təkcə bir amillə izah oluna bilməz: “Bu bizim imtahan yönümlü sistemimiz ilə bağlıdır. Burada həm məktəbdaxili tədris prosesi, həm də ali məktəblərə qəbul imtahanlarının formatı rol oynayır.”
Onun sözlərinə görə, imtahan sistemi əsasən test yönümlü və nəticə fokuslu olduğundan valideyn və şagirdlər maksimum bal toplamağa çalışır: “Bu isə məktəbdə verilən ümumi biliklə kifayətlənməmək düşüncəsini formalaşdırır. İbtidai sinifdən başlayır kiçik qiymətləndirmə, böyük qiymətləndirmə. Və bunlar həm şagurdlər, həm də valideynlər arasında stress gərginliyi yaradır.”
Ekspert qeyd edib ki, bəzi hallarda məktəblərdə fərdi yanaşmanın zəif olması da repetitor ehtiyacını artırır: “Siniflərin sıxlığı və proqramın genişliyi səbəbindən müəllim hər şagirdə ayrıca vaxt ayıra bilmir. Valideynlər isə fərdi dəstəyi repetitor vasitəsilə təmin etməyə çalışır.”
Bununla yanaşı, o vurğulayıb ki, repetitorluq artıq sosial normaya çevrilib: “Bəzi ailələr üçün repetitor yalnız zəif nəticə ilə bağlı deyil, ‘təhlükəsizlik mexanizmi’ kimi qəbul olunur.”
Ekspert hesab edir ki, problemin həlli kompleks yanaşma tələb edir: “Məktəbdə tədrisin keyfiyyəti artırılmalı, imtahan sistemi isə daha çox analitik və bacarıq əsaslı qiymətləndirməyə yönəlməlidir. Əks halda repetitor asılılığını tam aradan qaldırmaq çətin olacaq.”

