Texnologiyanın sürətli inkişafı təhsil sahəsində də yeni suallar yaradır. Xüsusilə süni intellekt əsaslı platformaların yayılması repetitorluğun gələcəyi ilə bağlı müzakirələri aktuallaşdırır. Bəs gələcəkdə ənənəvi repetitorluğa ehtiyac qalacaqmı?
Mövzu ilə bağlı təhsil eksperti Ramin Nurəliyev “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, süni intellekt artıq fərdi tədris imkanları təqdim edir: “Adaptiv öyrənmə sistemləri şagirdin zəif və güclü tərəflərini analiz edərək ona uyğun tapşırıqlar təqdim edə bilir. Bu baxımdan texnologiya repetitor funksiyasının bir hissəsini yerinə yetirə bilər.”
Onun sözlərinə görə, xüsusilə test hazırlığı və biliklərin möhkəmləndirilməsi mərhələsində süni intellekt effektiv vasitəyə çevrilir: “Şagird istədiyi vaxt sual verə, izah ala və təkrar məşq edə bilir. Bu, əlçatanlıq baxımından böyük üstünlükdür.”
Lakin ekspert vurğulayıb ki, repetitorluq yalnız akademik izahla məhdudlaşmır: “Canlı müəllim motivasiya, psixoloji dəstək və emosional əlaqə yaradır. Süni intellekt isə hələlik empati və fərdi ünsiyyət baxımından insan faktorunu tam əvəz edə bilmir.”
Ekspert hesab edir ki, gələcəkdə hibrid model daha real görünür: “Texnologiya repetitorun işini asanlaşdıra bilər, amma tam əvəz etməsi yaxın perspektivdə mümkün görünmür. Daha çox insan və süni intellekt əməkdaşlığı modeli formalaşacaq.”
Sonda o əlavə edib ki, repetitorluğun taleyi həm də imtahan sistemindən və məktəbdə tədrisin keyfiyyətindən asılı olacaq: “Əgər qəbul və qiymətləndirmə mexanizmləri dəyişərsə, repetitorluğa olan ehtiyac da fərqli formada davam edə bilər.”

