Azərbaycan Dillər Universitetində (ADU) Qərbi Azərbaycana qayıdış prosesində gənclərin roluna həsr olunmuş seminar təşkil olunub.
Universitetdən “Tehsil365"ə bildirilib ki, seminar “İRƏLİ” İctimai Birliyi tərəfindən təşkil olunub və Mədəniyyət Nazirliyinin dəstəyi ilə nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) Qərbi Azərbaycan İcması ilə birgə reallaşdırdığı “Qərbi Azərbaycan irsini tanı” layihəsi çərçivəsində keçirilib.
“İRƏLİ” İctimai Birliyinin baş katibi Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən seminar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ictimai birlik tərəfindən Qərbi Azərbaycanın mədəni irsinin təbliği məqsədilə təşkil edilən konfranslar, festivallar, düşərgələr və məlumat sessiyaları haqqında məlumat verilib.
Seminarda “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, MEMİM direktoru Vüqar Hümbətov, ADU-nun elm və innovasiya üzrə prorektoru Həmidə Əliyeva, “Qərbi Azərbaycan” televiziya kanalının rəhbəri Telli Pənahqızı və Qərbi Azərbaycan İcmasının əməkdaşı Cəmilə Fəyyaz çıxış ediblər. Onlar Qərbi Azərbaycan məsələsinin tarixi və hüquqi aspektləri barədə məlumat verib, bu mövzunun gənc nəslə dəqiq və sistematik şəkildə çatdırılmasının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, milli yaddaşın qorunması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet sahələrindən biridir.
Ədəbi tənqidçi, filologiya üzrə elmlər doktoru Əsgər Zeynalovun “İrəvan məktəbi və onun görkəmli nümayəndələri”, ADU-nun ikinci kurs magistr tələbəsi Sümbül Qarayevanın “Qərbi Azərbaycana qayıtmaq hüququ və gənclərin fəallığının stimullaşdırılması” və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Orucəli Abbaszadənin “Qərbi Azərbaycana qayıdış prosesində regional gənclərinin fəallığı: təşəbbüs və ideyaların dəstəklənməsi" mövzularında təqdimatları dinlənilib.
Tədbir bədii hissə ilə davam edib.

