Azərbaycan Mühəndislik Akademiyası 4 Mart - Ümumdünya Mühəndislik Günü münasibətilə geniş tədbir keçirib.
Akademiyadan “Tehsil365"ə bildirilib ki, tədbir iştirakçılarına Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayevin müraciəti, habelə Ümumdünya Mühəndislik Təşkilatları Federasiyasının (WFEO – World Federation of Engineering Organizations) Prezidenti Seng Chuan Tanın təbrik məktubu nümayiş etdirilib.
Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti akademik Əhəd Canəhmədov açılış nitqi ilə çıxış edib. Tədbir “Azərbaycan Mühəndislik Akademiyası – mühəndislik düşüncəsi fəaliyyətdədir!” mövzusunda təqdimat və videoçarxın nümayişi ilə davam etdirilib.
Sonra Azərbaycan Mühəndislik Akademiyasının akademiki Mehman Həsənov “Müasir texniki təhsildə informasiya və mühəndislik kompetensiyalarının inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
Rəsmi hissədən sonra Ümumdünya Mühəndislik Günü münasibətilə təltifetmə mərasimi keçirilib.
Tədbirdə Mühəndislik Akademiyasının nümayəndələri, gələcəyin mühəndisləri iştirak ediblər.

