Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Azərbaycanın regional enerji layihələrində iştirakı” mövzusunda elmi seminar keçirilib. Elmi seminar 27 Mart - Azərbaycanda Elm Gününə həsr edilmiş silsilə tədbirlər çərçivəsində təşkil olunub.
Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib.
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi üzrə TEC sədri Əli Bədəlov bildirib ki, ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasətini Prezident İlham Əliyev müasir çağırışlara uyğun şəkildə davam etdirir. Azərbaycan beynəlxalq enerji layihələrinin uğurlu tərəfdaşıdır.
Dünya iqtisadiyyatı kafedrasının müdiri dosent Fərid Babayev Azərbaycanın enerji strategiyasının tarixi inkişaf mərhələlərini, xüsusilə “Əsrin müqaviləsi”ndən başlayaraq formalaşan yeni enerji diplomatiyasını ətraflı təhlil edib. Bildirib ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan transmilli enerji layihələri regionda sabitliyin, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verir. Fərid Babayev Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolundan, Cənub Qaz Dəhlizi kimi qlobal əhəmiyyətli layihələrin strateji nəticələrindən və yaşıl enerji gündəliyinin prioritet istiqamətlərindən də söz açıb.
İqtisadiyyat kafedrasının müdiri professor Vahid Abbasov isə regional enerji layihələrinin makroiqtisadi təsirlərini, ixrac gəlirlərinin iqtisadi sabitliyə və sosial rifaha təsir mexanizmlərini elmi əsaslarla izah edib. Həyata keçirilən enerji strategiyasının Azərbaycanın uzunmüddətli dayanıqlı inkişaf modelinin əsasına çevrildiyini deyib.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb, enerji diplomatiyasının perspektivləri, regional əməkdaşlıq mexanizmləri və Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində artan rolu ətrafında fikir mübadiləsi aparılıb.

