Ekspertin sözlərinə görə, 600-dən yuxarı bal toplayan abituriyentlər isə əsasən Bakı Ali Neft Məktəbinə üstünlük verirlər.
“Tehsil365”ə açıqlamasında təhsil eksperti Elçin Muradov Azərbaycandakı ali təhsil müəssisələrinin ixtisaslara görə dəyərləndirilməsindən və son illərdə valideynlərin, abituriyentlərin seçim meyillərindən danışıb.
Ekspert bildirib ki, ölkədə hər bir universitet müəyyən sahə üzrə daha çox diqqət mərkəzindədir:
“Mühəndislik sahəsi üzrə Bakı Mühəndislik Universiteti, iqtisadiyyat sahəsi üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), humanitar və müəllimlik ixtisasları üzrə isə Azərbaycan Dövlət Pedoqoji Universiteti və Bakı Dövlət Universiteti daha çox seçilir.”
Elçin Muradov vurğulayıb ki, metal mühəndisliyi, mədən mühəndisliyi, kimya mühəndisliyi, material mühəndisliyi, elektrik və elektronika mühəndisliyi kimi ixtisaslar əsasən Azərbaycan Texniki Universitetində diqqət mərkəzindədir.
Son dövrlərdə valideynlərin və abituriyentlərin üstünlük verdiyi universitetlər arasında ikili diplom proqramları ilə fəaliyyət göstərən ali məktəblərin öndə olduğunu deyən ekspert əlavə edib:
“Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti xarici universitetlərlə müqaviləli şəkildə çalışır. Bu ali məktəblərdə tələbələr təhsilin bir hissəsini xaricdə davam etdirə, praktika keçə və ikili diplom əldə edə bilirlər.”
Muradov qeyd edib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti daha çox neft və kimya sahəsi üzrə, xüsusilə neft-qaz mühəndisliyi ixtisası ilə diqqət çəkir. Dövlət universitetləri arasında bu ali məktəblərin ön planda olduğunu vurğulayıb.
Ekspert həmçinin özəl universitetlərdən də danışıb:
“Xəzər Universiteti və ADA Universiteti təhsilin keyfiyyətinə görə diqqət mərkəzindədir. Xüsusilə Xəzər Universitetinin dünyanın bir çox universitetləri ilə əlaqələri olması müsbət haldır.”
Elçin Muradov əlavə edib ki, Azərbaycan Dövlət İdarəçilik Akademiyası da gələcəkdə prestijli universitetlər sırasında yer alır və yüksək bal toplayan abituriyentlər daha çox bu ali məktəbi seçirlər.
Sonda Muradov ümumi vəziyyəti belə dəyərləndirib:
“Bu gün Azərbaycan universitetlərində təhsil sistemi ötən illərə nisbətən daha yaxşıdır. Özəl universitetlər də yavaş-yavaş özünü toparlamaqdadır. Valideynlər seçim zamanı dövlət və özəl universitetlər arasında tərəddüd etsələr də, artıq özəl ali məktəblərdə də yüksək peşəkar təhsil verildiyinin şahidi oluruq. Ümumiyyətlə, hər bir universiteti yalnız bir meyara görə yüksək saymaq olmaz. Hər birinin fərqli sahələrdə güclü tərəfləri var.”

