Klassik dramaturgiya hər zaman öyrədici və formalaşdırıcı xarakter daşıyır. Bu səbəbdən klassik əsərə müraciət etdim.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,bunu açıqlamasında Anton Çexovun “Ayı” əsəri əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr rejissorluğu fakültəsinin birinci kurs tələbəsi, yazıçı-rejissor Samirə Əşrəf söyləyib.
O, Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində gənc rejissorların yaradıcılıq potensialının üzə çıxarılması məqsədilə reallaşan festivalda iştirak etdiyini diqqətə çatdırıb.
Quruluşçu rejissor qeyd edib ki, kurs rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur və əsərin janr xüsusiyyəti yaradıcı heyət üçün mühüm təcrübə mərhələsi olub. “Məşqlərə dekabr ayından başlamışıq. İlkin mərhələdə ənənəvi, stolarxası məşqlər aparılıb. Səhnə işində ADMİU-nun tələbələri Hüseyn Quluzadə, Türkel Ələsgər və Nərmin Ağayeva iştirak ediblər. Tələbələrlə işi sıfırdan qurmaq müəyyən çətinliklər yaratsa da, bu, yaradıcı prosesin təbii mərhələsidir. Mütəmadi və sistemli şəkildə çalışmışıq. Ümid edirəm ki, bundan sonra daha maraqlı və uğurlu layihələr həyata keçirəcəyik”,- deyə o əlavə edib.

