Valideynlərin ən çox yol verdiyi səhvlərdən biri uşaqları qiymətlərinə görə bir-biri ilə müqayisə etməsidir. Bəs bu yanaşma uşağın psixologiyasında hansı izləri buraxa bilər?
Mövzu ilə bağlı psixoloq “Tehsil365"ə açıqlama verib.
Psixoloqun sözlərinə görə, davamlı müqayisə uşağın özünəinamına ciddi təsir göstərə bilər: “Uşaq özünü başqasının uğuru üzərindən qiymətləndirməyə başlayır. Bu isə daxili dəyər hissinin zəifləməsinə səbəb olur.”
Mütəxəssis bildirib ki, uzunmüddətli perspektivdə bu hal iki fərqli nəticə doğura bilər: “Bəzi uşaqlarda həddindən artıq mükəmməllikçilik və uğur qorxusu formalaşır. Digərlərində isə motivasiya azalır və ‘mən onsuz da bacarmıram’ düşüncəsi yaranır.”
Onun sözlərinə görə, müqayisə edilən uşaqlarda gələcəkdə sosial münasibətlərdə də çətinliklər müşahidə oluna bilər: “Onlar özlərini daim başqaları ilə yarış vəziyyətində hiss edir və bu, sağlam rəqabət hissindən çox, daxili narahatlıq yaradır.”
Psixoloq vurğulayıb ki, valideynlərin diqqəti nəticəyə yox, prosesə yönəlməlidir: “Uşağın zəhməti, inkişafı və fərdi bacarığı qiymətləndirilməlidir. Hər uşaq eyni sürətlə və eyni istiqamətdə inkişaf etmir.”
Sonda mütəxəssis əlavə edib ki, sağlam psixoloji inkişaf üçün ən vacib faktor şərtsiz qəbul və dəstəkdir: “Uşaq bilməlidir ki, onun dəyəri yalnız qiymətlə ölçülmür.”

