Azərbaycan Dövlət Filarmoniyasında “Ümid yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı, Bakı Media Mərkəzinin dəstəyi ilə ilk dəfə “Mərhəmət gecəsi” adlı tədbir keçirilib.
İctimai Birlikdən “Tehsil365"ə məlumat verilib ki, tədbirdə nazirliklərin və dövlət qurumlarının nümayəndələri, QHT sədrləri, incəsənət xadimləri və media nümayəndələri iştirak ediblər.
“Ümid yeri” Uşaq sığınacağının rəhbəri Nigar Mənsimli bildirib ki, Azərbaycanın tarix boyu mərhəmətli insanları, xeyriyyəçilik missiyası həyata keçirən şəxsiyyətləri olub. Onlar öz xoş əməlləri ilə tarix yazıblar. Belə insanlar heç zaman unudulmurlar, hər zaman sevgi və ehtiramla anılırlar.
“Nə yaxşı ki, bu gün də dünya belə mərhəmətli insanlardan xali deyil. Onlar qocaları, ahılları, tənha insanları, xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqları heç zaman tək qoymur, təmənnasız sevgi və qayğıları ilə əhatə edirlər. Bu gün bu tədbirin təşəbbüskarı və təşkilatçısı olan “Ümid yeri” Uşaq sığınacağının sakinləri də belə mərhəmətli insanların qayğısı ilə əhatələniblər”, -deyə Nigar Mənsimli vurğulayıb.
O, həssas qrupdan olan insanlar üçün mərhəmətin, sevginin əhəmiyyətindən danışıb.
Sonra layihənin icraçıları, Əməkdar jurnalist, tədbir təşkilatçısı Elnarə Dərziyevaya və şair, qiraət ustası, aparıcı Səbuhi Zamanlıya minnətdarlıq ifadə olunub.
Tədbir konsert proqramı ilə davam edib.

