Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb.
Bu barədə “Tehsil365"ə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında fəaliyyət göstərən Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları “Təhsilin inkişafı” işçi qrupunun “Peşə təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizmlərinin formalaşdırılması və tətbiqi” bəndinin Naxçıvanın Peşə Təhsili müəssisələrində icası ilə bağlı muxtar respublikaya ezam olunublar.
Şərur Peşə Liseyində olan əməkdaşlar liseydə tələbə və müəllimlərin işə qəbulu, ştat cədvəlləri, tarifikasiyanın hazırlanması, dərs bölgüsü, dərs cədvəllərinin tərtibi, nəzəri və istehsalat təlimi jurnallarının yazılması, tələbə təqaüdlərinin verilməsi qaydalarına və sənədləşmə işlərinə nəzarət həyata keçiriblər. Həmçinin tələbələrin dərsə davamiyyəti və tədrisin keyfiyyəti ilə bağlı monitorinqlər də aparılıb.
Müəssisədə aşkar olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində lisey əməkdaşları üçün təlim təşkil edilib, onları maraqlandıran suallar cavablandırılıb və keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı tövsiyələr çatdırılıb.
Qeyd edək ki, bu tədbirlərin muxtar respublikanın digər peşə təhsili müəssisələrində də davam etdirilməsi planlaşdırılır.

