Rumıniyanın Konstantsa şəhərində arxeoloqlar qədim Roma dövrünə aid 34 məqbərə, eramızın III əsrinə aid nadir yunan yazısı və parad qalxanının metal hissəsini aşkar ediblər.
“Tehsil365” xəbər verir ki, bu barədə "Arkeonews" nəşri məlumat yayıb.
Qazıntılar yerli xəstəxananın ərazisində - antik Tomis nekropolunun mühafizə zonasının sərhədləri daxilində aparılıb.
Yunanlar tərəfindən əsası qoyulan və sonradan Qara dənizin qərb sahilində Roma İmperiyasının mühüm mərkəzinə çevrilən bu şəhər şair Ovidiusun sürgün yeri kimi tanınır. Həmin dövrdə Tomis Aşağı Meziya əyalətinin əsas şəhərlərindən biri olub.
Qazıntılar iki mərhələdə - 2025-ci ilin sentyabrından 2026-cı ilin fevralınadək Rumıniya Mədəniyyət Nazirliyinin icazəsi ilə həyata keçirilib.
Söküntü işlərinə və qonşu binaların qəzalı vəziyyətinə baxmayaraq, mütəxəssislər 39 gün ərzində aktiv sahə tədqiqatları aparıblar.
Aşkar edilən məqbərələrdə müxtəlif dəfn hədiyyələri tapılıb: bəzək əşyaları, şüşə qablar, sikkələr və çoxsaylı keramika nümunələri. Şərab və ya zeytun yağı daşınması üçün istifadə olunan Afrika amforaları xüsusi maraq doğurub. Onların mövcudluğu Tomisin Şimali Afrika ilə ticarət əlaqələrinə malik olduğunu göstərir və ehtimal olunur ki, dəfn edilən şəxslərin sosial statusunu əks etdirir.
Mütəxəssislər hesab edirlər ki, tapıntılar qədim Roma dövründə Tomisin dəfn memarlığı, ticarət əlaqələri və dini təşkilatlanması barədə təsəvvürləri əhəmiyyətli dərəcədə zənginləşdirir. Hazırda yazıların və digər artefaktların laboratoriya tədqiqatları davam etdirilir.

