Bu gün Azərbaycanın ilk qadın rəssamı kimi tarixə düşən, görkəmli sənətkar Reyhan Topçubaşovanın anım günüdür.
“Tehsil365” xəbər verir ki, Reyhan İbrahim qızı Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada anadan olub. O, Azərbaycan təsviri sənət tarixində qadın rəssam kimi öncül mövqe tutaraq milli incəsənətin inkişafına mühüm töhfələr verib. Yaradıcılığında əsasən portret və məişət janrına üstünlük verən sənətkar, əsərlərində dövrünün ictimai-mədəni mühitini və insan obrazlarını özünəməxsus bədii üslubla əks etdirib.
Reyhan Topçubaşovanın sənət fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib və o, 1943-cü ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. Onun yaradıcılığı Azərbaycan təsviri sənətinin formalaşması və inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Görkəmli rəssam 5 mart 1970-ci ildə Bakıda vəfat edib. Reyhan Topçubaşovanın adı Azərbaycan incəsənət tarixində dərin iz qoymuş sənətkar kimi ehtiramla yad olunur.

