2026-cı ilin yanvar-fevral ayları ərzində 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 12-15 yaşlı dərnək üzvləri arasında “Gözəlliyi inşa edən zəka” layihəsi çərçivəsində “Memarlığın rəng palitrası” adlı 2D əl işi müsabiqəsi təşkil edilib.
Mərkəzdən “Tehsil365"ə bildirilib ki, müsabiqəyə 1, 2, 3, 7 və 8 nömrəli uşaq-gənclər inkişaf mərkəzləri əl işləri təqdim ediblər. Əl işləri mərkəzin mütəxəssisləri və Azərbaycanın tanınmış memarı, elmlər doktoru, professor Elçin Əliyev tərəfindən qiymətləndirilib.
Müsabiqənin yekun tədbirində iştirakçıların əl işləri nümayiş olunub. İştirakçılar təqdim etdikləri əl işi haqqında məlumat verdilər. Tədbirdə memar Elçin Əliyev Mərkəzlə yaxından tanış olub, “Təsviri sənət və dizayn” dərnəyinin məşğələlərində iştirak edib, uşaqlara dəyərli tövsiyələr verib. O, həmçinin “Modelyer-rəssam”, “Dekorativ-tətbiqi sənət” və “Bacarıqlı əllər” dərnəklərinin sərgilərinə baxıb.
Tədbirin sonunda müsabiqə iştirakçıları və I, II, III yerin qalibləri sertifikat və diplomlarla təltif olundular.

