“Bir müəllimin ən böyük arzusu savadlı, düşünən və gələcəyə inamla baxan bir nəsil yetişdirməkdir.”
Bu sözləri “Tehsil365”ə açıqlamasında “Bilik” Tədris Mərkəzinin rəhbəri Nigar Quliyeva bildirib.
Nigar Quliyeva qeyd edib ki, rəhbərlik etdiyi tədris mərkəzi məhz bu məqsədlə fəaliyyətə başlayıb. Onun sözlərinə görə, əsas hədəf uşaqların yalnız dərs yükünü artırmaq deyil, onların düşünmə qabiliyyətini inkişaf etdirmək və məsuliyyətli fərdlər kimi formalaşmasına dəstək olmaqdır.
“Məktəbəqədər hazırlıqdan başlayaraq 11-ci sinfə qədər şagirdlər üçün müxtəlif fənlər üzrə dərslər təşkil edirik. Məqsədimiz sadəcə bilik vermək deyil, uşaqların potensialını üzə çıxarmaqdır,” — deyə o vurğulayıb.
Mərkəz rəhbəri bildirib ki, uşaqların yaradıcılıq və fiziki inkişafı da diqqətdə saxlanılır. “Rəqs, rəsm və gimnastika kimi fəaliyyətlər onların istedadını üzə çıxarır və özlərinə olan inamlarını artırır. Hər sahə üzrə peşəkar müəllimlərlə çalışırıq,” — deyə Nigar Quliyeva qeyd edib.
Onun sözlərinə görə, qısa müddətdə valideynlərin etimadını qazanmaq mərkəzin düzgün istiqamətdə fəaliyyət göstərdiyini göstərir.
“Əsas məqsədimiz gələcəyimizin sahibi olan uşaqlara keyfiyyətli təhsil vermək, onların inkişafına dəstək olmaq və cəmiyyətə faydalı vətəndaş kimi yetişmələrinə töhfə verməkdir,” — deyə o fikrini yekunlaşdırıb.

