Onun sözlərinə görə, bu hal bəzən insanlarda ciddi narahatlıq yaradır və çoxları bunu psixoloji və ya nevroloji problem kimi qəbul edir. Lakin mütəxəssis hesab edir ki, unutqanlıq hər zaman xəstəlik anlamına gəlmir.
Psixoloq Nizami Orucov “Tehsil365”ə açıqlamasında insanların gündəlik həyatında tez-tez rast gəlinən unutqanlıq halları barədə danışıb.
“Tez-tez yaşanan unutqanlıqlar bir çox insanda narahatlıq yaradır və insanlar bunu bəzən ciddi psixoloji və ya nevroloji problem kimi qəbul edirlər. Əslində isə unutqanlıq hər zaman xəstəlik anlamına gəlmir. Gündəlik həyatın sürətli tempi, stress, yuxusuzluq, diqqətin dağınıq olması və informasiya yükünün çoxluğu insanın yaddaşına birbaşa təsir göstərə bilər. Bu hallarda beyin sadəcə həddindən artıq məlumat arasında prioritet seçməkdə çətinlik çəkir və nəticədə bəzi məlumatlar yadda saxlanılmır,” – deyə psixoloq bildirib.
O qeyd edib ki, psixoloji baxımdan xüsusilə stress və narahatlıq unutqanlığı artıran əsas faktorlardan biridir: “İnsan uzun müddət gərgin vəziyyətdə olduqda diqqət və konsentrasiya zəifləyir, bu da məlumatın yaddaşa düzgün yerləşməsinə mane olur. Bəzən isə unutqanlıq əslində yaddaş problemi deyil, diqqət problemidir. Yəni insan məlumatı tam diqqətlə qəbul etmədiyi üçün sonradan onu xatırlamaqda çətinlik çəkir.”
Nizami Orucov əlavə edib ki, uzunmüddətli depressiya, güclü emosional travmalar və xroniki stress də yaddaşa təsir göstərə bilər: “Əgər unutqanlıq gündəlik həyat fəaliyyətini ciddi şəkildə çətinləşdirirsə, tez-tez təkrarlanırsa və digər psixoloji əlamətlərlə müşayiət olunursa, bu zaman mütəxəssisə müraciət etmək faydalı ola bilər.”
Psixoloq sağlam yaddaşın qorunması üçün bir sıra tövsiyələr də verib: “Sağlam yuxu rejimi, stressin idarə olunması, fiziki aktivlik və diqqəti gücləndirən vərdişlər yaddaşın qorunmasına kömək edir. Unutqanlıq hər zaman xəstəlik demək deyil, lakin davamlı və güclü olduğu hallarda onun səbəblərini araşdırmaq vacibdir.”

