4 mart 2026-cı il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında Anlaşma Memorandumu imzalanıb.
"Tehsil365" xəbər verir ki, memorandumu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı və “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz imzalayıblar.
Sənədin imzalanmasında əsas məqsəd müdafiə sənayesi və yüksək texnologiyalar sahəsində peşə hazırlığının səmərəliliyinin artırılması, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və ixtisaslı kadrların hazırlanması, peşə təhsili müəssisələri ilə sənaye arasında əməkdaşlıq mexanizmlərinin gücləndirilməsi və innovativ yanaşmaların tətbiqinin təşviq edilməsidir.
Memoranduma əsasən tərəflər arasında peşə təhsili müəssisələrində təhsilalanların istehsalat təcrübəsinin təşkili, müəllim və tələbələr üçün ixtisasartırma və təcrübə proqramlarının həyata keçirilməsi, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının birgə planlaşdırılması və praktiki təlimlərin təşkili sahəsində koordinasiyalı fəaliyyətlər nəzərdə tutulur.
Tərəflər bu əməkdaşlığın ölkədə peşə təhsilinin inkişafına, sənaye ilə təhsil arasında əlaqələrin sistemli şəkildə qurulmasına və müdafiə sənayesində yerli insan kapitalının gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.

