Paytaxtın Nərimanov rayonunda 101 nömrəli körpələr evi-uşaq bağçası Elm və Təhsil Nazirliyi tərəfindən aparılan əsaslı təmirdən sonra istifadəyə verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) “Tehsil365"ə bildirilib ki, açılış mərasimində BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Nərimanov Rayon Komitəsinin sədri Vüsalə Cəfərova, idarənin müvafiq struktur bölmə rəhbərləri, bağça müdirləri, müəllimlər və valideynlər iştirak ediblər.
BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş fəaliyyət istiqamətlərindən birinin məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətin yaxşılaşdırılmasından ibarət olduğunu nəzərə çatdırıb. O, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və xüsusi qayğısı sayəsində məktəbəqədər təhsil müəssisələrinin təmir-tikinti işlərinin davamlı olaraq həyata keçirildiyini deyib.
Tədbirdə çıxış edənlər məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi, infrastrukturun davamlı olaraq yenilənməsi və uşaqların təlim-tərbiyəsi üçün şəraitin yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü diqqətə çatdırıblar.
Qeyd edək ki, 101 nömrəli körpələr evi-uşaq bağçası 75 yerlikdir. Uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 5 tərbiyəçi, 10 texniki işçi məşğul olur.

