Bakı Dövlət Universitetinin (BDU) Məzunlar Cəmiyyətinin IV seminarı keçirilib.
BDU-dan “Tehsil365”ə bildirilib ki, “İKT sahəsində təşkilati davranış və idarəetmə” mövzusunda keçirilən seminarın qonaqları BDU məzunları – “Megasec” MMC-nin direktoru Qabil Qasımov, icraçı direktoru Ayan Etibar və şirkətin biznesin inkişafı üzrə meneceri Arzu Rəhimli Dadaşova olub.
Universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, indiyədək BDU ölkəmiz üçün 200 mindən artıq yüksəkixtisaslı kadr yetişdirib. “Məzunlarımız istehsalatdan tutmuş idarəetməyə, elmdən biznesə qədər bütün sahələrdə fəal şəkildə təmsil olunurlar. BDU-nun Məzunlar Cəmiyyəti isə xüsusilə ölkənin sosial-iqtisadi inkişafında seçilən məzunlarımızın karyera yolları, uğur hekayələrinin tələbələrimizlə bölüşməsi baxımından mühüm platformadır”, - deyə prorektor bildirib. O, son illər ölkədə rəqəmsallaşma, informasiya texnologiyaları sahəsinin yüksək sürətlə inkişaf etdiyini, “Megasec” MMC-nin süni intellekt və İT həllər üzrə nüfuzlu şirkətlərdən biri olduğunu diqqətə çatdırıb.
“Megasec” MMC-nin direktoru Qabil Qasımov çıxışında şəxsi inkişafının təməlinin məhz Bakı Dövlət Universitetində qoyulduğunu qeyd edib. O, universitet illərində qazandığı biliklərin, formalaşan analitik düşüncə tərzinin və müəllimlərin verdiyi istiqamətin bu gün peşəkar fəaliyyətində mühüm rol oynadığını bildirib. Qabil Qasımov rəhbərlik etdiyi şirkətin 78 əməkdaşından 48-nin, İdarə Heyətində təmsil olunanların isə hamısının BDU məzunu olduğunu diqqətə çatdırıb, tələbələrə uğurlu karyera qurmaq üçün yalnız nəzəri biliklərlə kifayətlənməməyi, praktiki bacarıqlar əldə etməyi, daim öz üzərlərində işləməyi, məsuliyyətli olmağı, vaxtlarını düzgün planlamağı, qrup halında işləməyə üstünlük verməyi tövsiyə edib.
Sonra “Megasec” MMC-nin icraçı direktoru Ayan Etibar və şirkətin biznesin inkişafı üzrə meneceri Arzu Rəhimli Dadaşova müasir texnologiya dövründə rəqəmsal transformasiyanın idarəetməyə təsiri, eləcə də rəhbər və işçi münasibətlərində etimad amilinin əhəmiyyətindən bəhs ediblər. Bildiriblər ki, texnologiyanın sürətli inkişafı bir tərəfdən iş proseslərini asanlaşdırsa da, digər tərəfdən düzgün idarə olunmadıqda etibarın azalması, kommunikasiya boşluqları və informasiya təhlükəsizliyi riskləri yarada bilər.
BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Güman Qarayev qeyd edib ki, tələbələrin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, onların real iş mühiti ilə daha yaxından tanış olması üçün IT yönümlü təcrübə və əməkdaşlıq imkanları bundan sonra da genişləndiriləcək.

