“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı üzrə ilk qəbul 2024–2025-ci tədris ilində həyata keçirilib. Proqram çərçivəsində hər il 100 əcnəbi vətəndaşa təhsil qrantı ayrılır.
“Tehsil365” xəbərinə görə, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, son iki tədris ilində sözügedən Proqram çərçivəsində ümumilikdə 200 əcnəbi vətəndaş Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq hüququ qazanıb.
Xatırladaq ki, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” Prezident İlham Əliyevin 2023-cü il 8 iyul tarixli Sərəncamı ilə təsis edilib və xarici ölkə vətəndaşlarının Azərbaycanda ali təhsil almasını hədəfləyən dövlət proqramıdır.
Qeyd edək ki, bu proqrama əsasən, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub.
Sözügedən proqramın şərtlərinə əsasən, illik əsasda 100, ümumilikdə 500 nəfər xarici ölkə vətəndaşları üçün təhsil qrantının ayrılması nəzərdə tutulur.

