Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin 5 şagirdi “Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri sırasında yer alıb.
“Tehsil365” AZƏRTAC istinadən xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə Şəki şəhər kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi Ayxan Məmmədli “Qarabağ və Şərqi Zəngəzur üçün yeni nəsil tandem Günəş panellərinin hazırlanması və effektivliyinin tədqiqi” layihəsi, Oğuz şəhəri Emin Abdullayev adına 2 nömrəli internat tipli texniki və təbiət fənləri təmayüllü liseyin X sinif şagirdləri Xədicə İbrahimova və Zəhra Məmmədzadə “Kaktusdan ilhamlanmış ribli mast quruluşlu, titrəyiş əsaslı hibrid enerji yığan və ağıllı monitorinq sistemli bıçaqsız külək turbini” layihəsi, Zaqatala şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin XI sinif şagirdi Anar Əliyev isə “İMF SWARM” layihəsi üzrə ikinci yerə layiq görülüblər.
Bundan əlavə, müsabiqədə Zaqatala şəhəri Nizami Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Aydın Sulxayev “PlantBot” layihəsi üzrə üçüncü yeri tutaraq bürünc medalla təltif olunub.
Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutu, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilib.
Müsabiqənin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.

