Tibb eksperti Aydın Əliyev apteklərdə reseptsiz satılan vitamin və qida əlavələri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Aydın Əliyev “Tehsil365”ə açıqlamasında bildirib ki, vitaminlərin zərərsiz olduğu düşüncəsi düzgün yanaşma deyil.
“Müxtəlif vitaminlər və qida əlavələrinin sərbəst şəkildə satışa təqdim olunması düzgün deyil.Elmi araşdırmalar sübut edir ki, heç bir dərman vasitəsi, o cümlədən vitaminlər həkim məsləhəti olmadan qəbul edilməməlidir,” – deyə ekspert bildirib.
Aydın Əliyev vurğulayıb ki, vitaminlər orqanizmdə maddələr mübadiləsinə birbaşa təsir göstərir. Buna görə də hansı vitaminin, hansı dozada və nə qədər müddətə qəbul ediləcəyi mütləq tibbi müayinədən sonra müəyyənləşdirilməlidir.
“Orqanizmdə hansı mübadilə prosesinin pozulduğunu bilmədən təsadüfi şəkildə vitamin qəbul etmək düzgün deyil. Hər xəstə üçün fərdi yanaşma vacibdir. Hansı qida məhsullarından istifadə olunmalı, hansılardan isə uzaq durulmalı olduğu da həkim tərəfindən müəyyən edilməlidir,” – deyə o qeyd edib.
Ekspert əlavə edib ki, xüsusilə xroniki xəstəlikləri olan şəxslər dərman və vitamin qəbul edərkən daha diqqətli olmalıdırlar.
“Həkimsiz və reseptsiz dərman qəbulunu doğru hesab etmirəm. Sağlamlıqla bağlı qərarlar mütləq mütəxəssis nəzarəti altında verilməlidir,” – deyə Aydın Əliyev fikrini yekunlaşdırıb.

