Rumıniyanın bir sıra aparıcı media orqanları Azərbaycan Prezidenti İlham Əliyevin İranın dron hücumları ilə bağlı çıxışını və regionda yaranmış təhlükəsizlik vəziyyətini geniş şəkildə işıqlandırıb. Nəşrlərdə Prezident İlham Əliyevin Azərbaycanın suverenliyinə qarşı yönəlmiş hər hansı təhdidə qəti cavab veriləcəyi barədə mövqeyi xüsusi vurğulanıb.
“Tehsil365” xəbər verir ki, xəbər agentliyi “News.ro” Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə qarşı pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumu terror aktı kimi qiymətləndirdiyini və bu hadisəyə görə Tehranın məsuliyyət daşıdığını bildirdiyini yazıb.
Rumıniyanın analitik nəşrlərindən olan “Newsweek Romania” isə yazır ki, Azərbaycan rəhbərliyi ölkənin təhlükəsizliyini təmin etmək üçün zəruri addımlar atmağa hazır olduğunu bildirib. Məqalədə qeyd olunur ki, rəsmi Bakı mümkün təhlükələrə qarşı ordunun döyüş hazırlığını yüksəldib və vəziyyət diqqətlə izlənilir.
Rumıniyanın dövlət radiosuna bağlı analitik platforma olan “Rador” xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan dövlətinin təhlükəsizliyinə qarşı yönəlmiş istənilən addıma adekvat cavab veriləcəyini bildirib.
Xəbər portalı “Gandul” isə yazır ki, Prezident İlham Əliyev İranı Azərbaycan dövlətinə qarşı terror aktı törətməkdə ittiham edib.
Nəşr qeyd edir ki, Azərbaycan lideri Tehrandan rəsmi üzr tələb edib və belə hadisələrin təkrar baş verməsinin qarşısının alınması üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.
“Euronews Romania” isə dron hücumu nəticəsində bir neçə nəfərin yaralandığını və pilotsuz aparatların birinin aeroport yaxınlığında partladığına vurğulayıb. Nəşrin məlumatına görə, Prezident İlham Əliyev bu hücumu Azərbaycan dövlətinə qarşı düşmənçilik aktı kimi qiymətləndirib və məsul şəxslərin müəyyən edilərək cavab verməli olduğunu bildirib.
Qeyd edək ki, Rumıniya mətbuatında yayımlanan bu materiallarda Prezident İlham Əliyevin Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üçün qətiyyətli mövqe sərgilədiyi xüsusi vurğulanır və regionda yaranmış vəziyyətin beynəlxalq səviyyədə diqqətlə izlənildiyi qeyd olunur.

